AZ | ENG | RU
 

Mstislav Rostropoviç

Dahi rus violonçelisti, dirijor, insanlar arasında humanist ideyaların təbliğatçısı M.Rostropoviç XX əsrin canlı əfsanəsidir.

XX əsrin musiqi fenomeni adlanan, nadir musiqi istedadına malik olan M.Rostropoviç 1927-ci il 27 mart tarixində məhz, Azərbaycanın paytaxtı Bakı şəhərində dünyaya göz açmışdır. Özü şəxsən bu haqda qeyd edərək-«Mən dünyanın hansı yerində olsam, yenə də Bakıya qayıdacağam-axı bura mənim Vətənimdir.»-söyləmişdir.

Əslində Rostropoviçlər nəsli Polşa və Litvada yaşamış, Rostropoviçyus adlanırdılar. Onların soykökü Yan Rostropoviçyusdan gəlir.Ümumiyyətlə, onların nəslində rus, polyak, litva və çex xalqlarının nümayəndələri olmuşdur.1851-ci ildən isə İosif Rostropoviçdən başlayaraq onlar zadəgan rütbəsi ilə təltif olunurlar.Demək olar ki, nəslin hər bir nümayəndəsinin musiqi istedadı musiqiyə hədsiz həvəsi Slavanın simasında xüsusi olaraq cəmlənmişdir.Evdə olan musiqili ab-hava Slavaya təsir etmişdir. Atası Leopold Rostropoviçin ifasını saatlarla dinləyən Slava fortepianoda çox gözəl ifa edirdi. Hətta 4 yaşında olarkən f-noda özünün ilk əsəri olan «Polka»nı ifa etmişdir. Rostropoviçlər ailəsi 1931-ci ildə Bakını tərk edib Moskva şəhərinə köçür. 1934-1937-ci illər ərzində Qnesin adına musiqi məktəbində,daha sonra isə 1937-1941-illərdə isə Moskvanın Sverdlovsk vilayətindəki musiqi məktəbində təhsilini davam etdirmişdir.Sonra təhsilini atasının təkidi ilə Moskva Konservatoriyasının nəzdində olan musiqi məktəbində, bəstəkarlıqdan E.Messnerin sinfində davam etdirmişdir.1940-cı ildə 13 yaşında ikən Slava ilk dəfə Slavyansk şəhərində dinləyicilər qarşısında çıxış edərək K.Sen-Sansın violonçel üçün konsertini ifa etmişdir. 1942-ci ildə atasının vəfatından sonra Orenburqda musiqi texnikumunda atasının yerinə dərs deməyə başlayır. Bununla yanaşı, müharibə illəri ilə əlaqədar olaraq qospitallarda yaralılar qarşısında konsertlər verir.1943-cü ildə isə Moskva Konservatoriyasına S.M. Kozolupovun sinfinə daxil olur.Eyni zamanda alətşünaslıqdan D.Şostakoviçdən dərs alır. Ümumiyyətlə, bizim muzeydə M.Rostropoviçin bir şəxsiyyət, insan və musiqiçi kimi formalaşmasında böyük rolu olan görkəmli musiqiçilər: D.Şostakoviç, S.Prokofyev S.Kozolupov, E.Mravinski, və başqaları ilə olan fotoşəkillər qorunub saxlanılır.

1946-cı ildə M.Rostropoviç Moskva Konservatoriyanı fərqlənmə ilə bitirir.Onun adı həmin ali ocağın qızıl lövhəsində həkk olunub. Aspiranturada təhsilini davam etdirən M.Rostropoviç həmçinin, Moskva Filarmoniyasında solist kimi çalışır. Eyni zamanda konsert proqramları ilə çıxış edən M.Rostropoviç Sankt- Peterburq, Kiyev, Tallin, Minsk, Vilnyus və s. şəhərlərdə də olur.1947-ci ildə aspiarnturanı bitirən M.Rostropoviç S.Prokofyevin violonçel üçün I konserti üzərində işləyir.1948-ci ildə isə həmin konserti çox müvəffəqiyyətlə ifa edir. 1949-cu ildə M.Rostropoviç Budapeştdə Gənclər və Tələbələrin Ümumittifaq festivalında çıxış edir və I mükafat qazanır.Bundan başqa o,Polşa,Macarıstan və bir sıra ölkələrdə konsert proqramları ilə çıxış edir.1950-ci ildə M.Rostropoviç Praqada Qamuş Viqan adına Beynəlxalq müsabiqədə iştirak edir və I mükafata layiq görülür.Bundan sonra M.Rostropoviç məşhurluq qazanır, onu bir çox ölkələrə qastrol səfərlərinə dəvət edirlər. Repertuarını klassik əsərlərlə zənginləşdirən M.Rostropoviç İ.S.Baxın süitalarından ibarət iki konsert keçirmişdir. Məhz, konsert fəaliyyətinə görə 1951-ci ildə Stalin mükafatı adlanan II dərəcəli dövlət mükafatı ilə təltif olunur.

1955-ci ildə M.Rostropoviç Praqada Qalina Vişnevskaya ilə yaxından tanış olaraq onunla ailə həyatı qurur.Bu ildən başlayaraq onlar birlikdə konsertlər verməyə başlayırlar..

1950-ci illərin sonundan başlayaraq M.Rostropoviç ilə D.Şostakoviç arasında dostluq və yaradıclıq əlaqələri getdikcə möhkəmlənir. D. Şostakoviç Slava üçün violonçel və okestr üçün konsert yazır.Həmin konsertin premyerası 1959-cu ildə Sankt- Peterburq (Leninqrad) şəhərində, J.Mravinskinin rəhbərliyi altında Leninqrad Filarmonik orkestrinin müşayiəti ilə ifa edilmişdir.Moskvada isə həmin ilin oktyabrın 9-da dirijor A.Raykinin rəhbərliyi altında səslənmişdir. Böyük müvəffəqiyyətlə çıxış edən M.Rostropoviç xaricdə də bu konserti uğurla ifa etmişdir. Q.Vişnevskayaya həsr etdiyi «Satiralar» adlı vokal silsilənin ilk ifası 1961-ci ilin 22 fevralında olmuşdur.Brilikdə çıxışlar edən M.Rostropoviç və Q.Vişnevskaya hətta qadağan olunmuş mövzulara da müraciət edirdilər.1962-ci ildə M.Rostropoviç İngiltərə Kral Akademiyasının fəxri üzvü seçilir. Ondan əvvəl İ.Stravinski, D.Şostakoviç, P,Kazals, A. Rubinşteyn, D.Oystrax bu akademiyanın üzvü seçilmişdilər.

M.Rostropoviç məşhur violonçelist olmaqla yanaşı musiqi tarixinə bir dirijor kimi də daxil olub. 1962-ci ildə M.Rostropoviç Q.Vişnevskaya ilə birgə Qorki şəhərində ilk müasir musiqi yaradıcılığı festivalın keçirilməsinin təşkilində iştirak ediblər. Proqramda I hissədə D.Şostakoviçin rəhbərliyi altında və solist M.Rostropoviçin ifasında keçmişdi. Məhz bu festivalın II bölməsində Maestro camaat qarşısında ilk dəfə diricor ampulasında çıxış etmişdi. Burada o, D.Şostakoviçin «Katerina İzmaylova» operasından 4 antrakta dirijorluq etmişdir.(Q.Vişnevskayanın təkidi ilə).Qazandığı müvəffəqiyyətdən sonra M.Rostropoviçin dirijorluğa meyli daha da artdı və bu onu daha böyük əsərlər üzərində işləməyə sövq etdi.Onu da qeyd edək ki,dirijorluqdan heç bir təhsil almayan M.Rostropoviç L.Qinzburqdan və K. Kondraşindən fərdi dərslər almışdır.

1966-cı ildə M.Rostropoviç SSRİ-nin xalq artisti adına layiq görülmüşdür.1967-ci il noyabrın 7-də M.Rostropoviç D.Şostakoviçin II konsertini ifa etmişdir.1969-cu ildə M.Rostropoviç S.Prokofyevin «Hərb və Sülh» operasına diriyorluq etmişdir. Bu ildə həmçinin, M.Rostropoviçin rəhbərliyi altında D.Şostakoviçin IVsimfoniyası vala yazılır.

Ümumiyyətlə, 60-cı illər M.Rostropoviç yaradıcılığının çiçəklənmə dövrü idi, bu illərdə o, solo konsertləri ilə çıxış edir, gənc violonçelistlər nəslini yetişdirir, simfonik və opera dirijoru kimi çıxışlar edir. Bu illərdə trio yaranır. (E.Qilyel-f-no, A.Koqan- skripka, M.Rostropoviç- violonçel).O, S.Rixter ilə birgə konsert proqramları ilə çıxışlar edir.Klassik Avropa bəstəkarlarının əsərlərini ifa etmişdilər.

M.Rostropoviç bir müəllim kimi çox istedadlı, qeyri-adi idi.Onun dərsləri açıq keçərək maraqlananlar üçün hər zaman çox gözəl tövhə olur.O, həmçinin tələbələrdə istək və həvəs yaratmaq üçün violonçelistlər klubu yaratmışdır.Bir çox şəhərlərdə violonçelistlərdən ibarət ansambllar təşkil olunur.Eyni zamanda musiqi müsabiqələri də keçirilir.

70-ci illərdə insan haqları uğrunda mübarizəyə qoşulan M.Rostropoviç görkəmli şəxsiyyətlərdən biri olan A.Soljenitsini dəstəklədiyinə görə 1974-cü ildə Sovet İttifaqından qovulurlar. Xaricdə əvvəllər çox çətinliklə yaşasalar da, sonralar fəal yaradıcılığa başlayaraq şöhrət qazanırlar. Sonralar tamamilə Sovet İttifaqının vətəndaşlığından çıxarılırlar.

Vaşinqton simfrnik orkestrinə 17 il dirijorluq edən M.Rostropoviç layiq olduğu uğuru qazanır.Onun dirijorluq fəaliyyətini əks etdirən materiallardan muzeyin ekspozisiyasında 1975-ci ilə aid olan Amerika simfonik orkestrinin konsertlərinin reklam afişası nümayiş olunur. Demək olar ki, M.Rostropoviç və onun ailəsi xarici musiqi aləmində özünə laiqli yer tutur. M.Rostropoviçin yaradıcılıq fəaliyyətindən danışarkən onun bu fəaliyyətinə görə 100-dən çox orden və medallara, fəxri fərmanlara layiq görülməsini qeyd etmək lazımdır. Muzeyin ekspozisiyasında həmin mükafatların müəyyən bir hissəsi nümayiş olunur.

Xaricdə yaşayarkən maddi cəhətdən vəziyyətləri qaydaya düşən Rostropoviçlər ailəsi üçün artıq yaşıl işıq yanırdı.Onlar çoxlu sayda konsert proqramları ilə çıxışlar edir,bir sıra görkəmli şəxsiyyətlərlə dostluq və yaradıcılıq əlaqələri genişlənir.M.Rostropoviçin rəhbərliyi altında bir sıra festivallar təşkil olunur. 1987-ci ildə M.Rostropoviçin 60-illik yubileyi ilə əlaqədar olaraq Vaşinqtonda violonçelistlərin I Ümumdünya konqresi keçirilir.Onu «İlin musiqiçisi» adlandırdılar. Kennedi mərkəzində Rostropoviçə həsr olunmuş 3 əsər: L.Bernstayn-«Slava» üverturası,K.Halfterin «Eşq olsun, Slava»,K.Penderetskinin «Məlaikənin mahnısı» adlı əsərləri səslənmişdir.

1989-cu ildə Berlin divarları sökülən zaman İ.S.Baxın əsərlərindən ibarət konsert vermişdir.

Rusiya dövlətinin Mədəniyyət və İncəsənət xadimlərinin, əsasən R.Şedrin, Y.Başmet, O.Koqan, İ.Oystarx, A.Saxarovun dəfələrlə müraciətndən sonra M.Roostropoviç Sovet İttifaqı vətəndaşlığı bərpa olunur və bəstəkarlar ittifaqının üzvlüyününə seçilir. Həmin ildə M.Rostropoviç ABŞ-nın milli simfonik orkestri ilə doğma divarlar qarşısında çıxışlar edir. M.Rostropoviçi sözün əsl mənasında «Dünya vətəndaşı» adlandırmaq olar.Bu istedadlı,enerjili insan son illər Şərqi Avropa və Rusiyada baş verən hər bir hadisəyə reaksiya verir. Rusiyanın musiqisinin və mədəniyyətinin inkişafı üçün bir çox işlər görmüşdür.

1992-ci ildə ABŞ-da C. Kennedi adına mərkəzdə ABŞ-nın milli simfonik orkestri ilə çıxış edərək V.Artyonovun yeni III simfoniyasını səsləndirmşdir.Bundan başqa sakit oturmayan M.Rostropoviç yeni konsertlər, festivallar hazırlayırdı. 1993-cü ildə Fransanın Evian şəhərində festival təşkil edir.Bu festivalda əsasən rus bəstəkarlarının əsərləri səslənir.

1993-cü ilin sentyabr ayında D.Şostakoviçin anadan olmasının 87-illiyi ilə əlaqədar olaraq Moskvada Qızıl meydanda çıxış edərək bəstəkarın IX simfoniyasını və f-no və orkestr üçün I konsertini Vaşinqton simfonik orkestrinin ifasında səsləndirmişdir. Solo f-noda İ.Soljenitsin ifa edirdi.1994-cü ildə yenidən Moskva və Peterburqda konsertlər verən M.Rostropoviç gələn gəliri xeyriyyə işlərinə sərf etmişdir.

1996-cı il 17 avqustda M.Rostropoviç və Q.Vişnevskaya ilk dəfə olaraq Rusiyada fond açır.Bu fond «Vişnevskaya-Rostropoviç» fondu adlanır. Fondun əsas məqsədi azyaşlı uşaqların immun sisteminin möhkəmləndirilməsi üçün onlara tibbi yardım göstərməkdir . Azərbaycanda da bu fondun nümayəndəliyi fəaliyyət göstərir.

Dünya şöhrətli musiqiçi, «Dünya vətəndaşı» adlanan M.Rostropoviç bir ifaçı, dirijor, ictimai-xadim, eyni zamanda bir xeyriyyəçi kimi daima öz üzərində işləyərək bəşəriyyətə öz yeni tövhələrini verməkdə davam edir.

Bakı dövrü

I-dövr: 1925-31-ci illər ərzində Rostropoviçlər ailəsi Bakı şəhərində yaşamış və fəaliyyət göstərmişdilər. Məhz, bu dövrdə, yəni 1927-ci il martın 27-də M.Rostropoviç dünyaya gəlmişdir.İlk musiqi dərslərini atası L.Rostropoviçdən almışdır. 4 yaşında olarkən fortepiano üçün bəstələdiyi «Polka» əsərini də məhz, Bakıda yaşayarkən yazmışdır.

II-dövr: 60-70-ci illər M.Rostropoviçin həyatında daha yadda qalan illər olmuşdur. Azərbaycanın paytaxtı Bakı şəhərinə olan qastrol səfərləri olduqca məhsuldar keçmişdir.1971-1973-cü illərdə sentyabrın 15-19-dək olan konserlərdə maestro SSRİ-nin xalq artisti Niyazinin rəhbərliyi altında Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestri ilə çıxış etmişdir. Muzeydə nümayiş olunan eksponatlar arasında 60-70-ci illər Bakı səfərlərini əks etdirən materiallar: fotoşəkillər, konsert proqramları və s. nadir eksponatları görmək olar.

III- dövr: II-dövr 90-cı illərin sonlarından başlayır. Uzun ayrılıqdan sonra M.Rostropoviç təzədən Bakıya qayıdır. 1997-ci il, martın 27-də 70 ili tamam olan maestronun yubileyi ilk dəfə Fransada və sonra onun Vətəni olan qeyd olunaraq, Bakıda onun və atasının adına (Leopold Rostropoviç) küçə, məktəb və ev-muzeyi açılır. Bu ildən başlayaraq, dahi musiqiçinin Bakıya gələrək master-klass və konsertlər ilə çıxış etməsi bir ənənəyə çevrilir.(2001-2003-cü illərdən başqa).

Dahi maestro istedadlı dirijor kimi öz vətəni olan Bakıda da dəfələrlə çıxışlar edib. 1998-ci ildə Bakıda maestro dinləyicilərin qarşısında yalnız dirijor kimi çıxış edərək, F.Bədəlbəyli ilə birlikdə konsert verdilər. Proqramda I hissədə F.Şubertin «Natamam simfoniyası», Y.Bramsın «Haydn mövzusunda variasiyalar» və II hissədə K.Sensansın orkestr ilə fortepiano üçün konserti və Q.Qarayevin «Yeddi gözəl» baletinin «Vals» M.Rostropoviçin rəhbərliyi altında səslənmişdi.

Uzun illər gözlənilən Azərbaycan Dövlət Filarmoniyasının açılışı keçən il, yanvarın 26-sı baş verdi. Açılışda Maestro Mstislav Rostropoviç əziz və sevimli dostu, Azərbaycan xalqının dahi oğlu Prezident Heydər Əliyevin nurlu xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq, violonçeldə İohann Sebastyan Baxın iki nömrəli süitasından Sarabandanı ifa etdi. Rekviem kimi səslənən bu əsər haqqında Maestro özü belə demişdi: «Sarabanda mənim üçün bir dua kimi səslənir.Özü də bu, hansısa dinə aid dua deyildir. Bu bütün insanlar üçün duadır.»

Daha sonra dünya şöhrətli musiqiçinin dirijorluğu ilə Firəngiz Əlizadənin Filarmoniyanın açılışına həsr etdiyi «İthaf» əsəri ilk dəfə ifa olundu.

Maestronun ənənəvi Bakıya gəlişi növbəti dəfə sentyabrın 18-nə Üzeyir musiqi gününə düşməsi təsadüfi deyildi. Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan konserti maestro dahi bəstəkarımız Üzeyir Hacıbəyovun «Koroğlu» operasının uvertyurası ilə başladı. Konsertdə M.Qlinka, A.Dvorjak, P.Çaykovski və Q.Qarayevin əsərləri də səslənmişdi.

Sonuncu dəfə isə M.Rostropoviçin Bakıya gəlişi bu il 8 mart Beynəlxalq qadınlar gününə düşdü. Maestro bu dəfə Azərbaycan Dövlət Filarmoniyasında konsert verdi. Konsertdə L. Bernstaynın M.Rostropoviçə həsr olunmuş çox maraqlı, orijinal «Slava» əsəri, P.Çaykovskinin IV simfoniyası və rus skripkaçısı S.Krılovun ifasında P.Çaykovskinin skripka və orkestr üçün konserti maestronun dirijorluğu ilə səsləndi. Hər zaman gəlişi musiqi bayramı olan M.Rostropoviç bu dəfəki səfəri ilə də hər kəsi sevindirmişdi.

Azərbaycanın paytaxtı Bakı şəhərində, dahi musiqiçi M.Rostropoviçin göz açdığı evdə L.və M.Rostropoviçlərin ev-muzeydə onların ailəsinə məxsus olan nadir materiallar; antik məişət əşyaları,eyni zamanda fotoşəkillər, notlar, proqramlar, kitablar, bukletlər, afişalar, mükafatlarlar və s. qorunub saxlanılır.Həmçinin M.Rostropoviçin bir çox görkəmli musiqiçilərlə dostluq və yaradıcılıq əlaqələrini təsdiqləyən maraqlı materiallara da rast gəlmək olar. Bakıya hər gəlişində M.Rostropoviç mütləq olaraq doğulduğu L.və M.rostropoviçlərin ev-muzeyinə də baş çəkir. Hər dəfə muzeyə gələrkən M.Rostropoviç öz uşaqlığını xatırladan eksponatlara diqqət yetirir, yeni-yeni eksponatlarla tanış olur.O, muzeyin fəaliyyəti ilə yaxından maraqlanır. Muzeyin əməkdaşları dahi musiqiçini həmişə hərarətlə qarşılayırlar.

 
 
© 2006 L. və M. Rostropoviçlərin ev muzeyi
Azərbaycan, Bakı ş. L. və M. Rostropoviçlər küç. 19
(99412) 492—02—65
Tərtibatı
DIGITAL AGE