Ev muzeyinin yaranma tarixi
1927-ci il martın 27-də Bakıda dünya şöhrətli musiqiçi, istedadlı violonçelist, maestro Mstislav Rostropoviç anadan olmuşdur. Rostropoviçlər ailəsində hökm sürən yaradıcı mühit, bu evdə keçirilən musiqi axşamları Mstislav Rostropoviçin bir musiqiçi kimi yetişməsində böyük rol oynamış və onun sənət seçiminə ciddi təsir göstərmişdir. Təsadüfi deyildir ki, Mstislav Rostropoviçin ilk əsəri olan “Polka” Bakıda böyüdüyü bu mühitin təsiri altında yazılmışdır. 1925—1931-ci illər ərzində Azərbaycanda yaşadıqdan sonra Rostropoviçlər ailəsi Moskvaya köçür.
İncəsənət xadimlərinə daim qayğı ilə yanaşan və onların xidmətlərini yüksək qiymətləndirən mərhum prezidentimiz Heydər Əliyev 1998-ci ildə Bakıda Rostropoviçlərin xatirə muzeyinin yaradılması barədə qərar vermişdir. Qərara əsasən muzey 1925—1931-ci illər Rastropoviçlərin yaşadıqları binada yerləşir. Ev-muzeyin yerləşdiyi küçəyə ata və oğul — Leopold və Mstislav Rostropoviçlərin adı verilmişdir. 2002-ci il mart ayının 4-də muzey ekspozisiyasının təntənəli açılışı olmuşdur. Hal-hazırda muzeyin fondlarında 2000-dən çox nadir eksponat saxlanılır. Bu eksponatlar arasında şəxsən Rostropoviçlər ailəsinə məxsus olan unikal əşyalar, XIX əsrin sonu — XX əsrin əvvəllərinə aid olan xalça və mebel vardır. Muzeyin ekspozisiyasında həmçinin fotoşəkillər, məktublar, avtoqraflar, konsert frakı, dirijor çubuğu, qramvallar, mükafatlar və digər maraqlı materiallar nümayiş etdirilir. Muzeyin açılışında M. Rostropoviç özü xanımı Q. Vişnevskaya və bir çox fəxri qonaqlarla iştirak etmişdir.
M. Rostropoviçin Azərbaycana gəlişi onun yaradıcılıq fəaliyyətinin müxtəlif dövrlərinə təsadüf edir. Hələ mühacirətdən əvvəl 1960—1970-ci illərdə M. Rostropoviç dəfələrlə Bakıda qastrol səfərlərində olmuş, öz azərbaycanlı həmkarları ilə yaradıcılıq və dostluq əlaqələri saxlamışdır. Mühacirətdən qayıtdıqdan sonra M. Rostropoviçin Azərbaycana gəlişi 1997-ci ildə — onun Bakıya son səfərindən 24 il sonra gerçəkləşir. Məhz bu gəlişində Bakıda M. Rostropoviçin 70 illik yubileyi münasibəti ilə təntənəli yubiley mərasimi keçirilir.
Bununla əlaqədar Maestro “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Ona həmçinin Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının fəxri professoru adı verilmişdir. 1997-ci ildən etibarən M. Rostropoviç hər il öz doğma şəhərini ziyarət etməyi bir ənənəyə çevirir. 1998-ci il Bakıya növbəti gəlişi zamanı musiqiçi demişdir: “Mənim ilk təəssüratlarım belədir ki, sanki mən sadəcə öz evimə, Vətənimə qayıtmışam. Bu gəlişimə çox sevinirəm və özümü xoşbəxt hiss edirəm.
Azərbaycanda Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi ilə yanaşı, “Vişnevskaya-Rostropoviç fondu” və həmçinin Leonid və Mstislav Rostropoviçlərin adını daşıyan 21 saylı musiqi məktəbi fəaliyyət göstərir. M. Rostropoviç hər Bakıya gəlişində öz xeyriyyəçilik fəaliyyətini davam etdirərək, Bakı Musiqi Akademiyasının tələbələri üçün master-klass keçirir. |